12 -15 dekabr 2022
Kursların hədəf qrupu dəvət olunmuş 80 iştirakçıdır (Təcili yardım sisteminin potensial qrupu, seçilmiş layihə xəstəxanalarının Təcili yardım şöbəsinin əməkdaşları, səhiyyə xidmətləri işçi qüvvəsi və Sumqayıtdan olan qeyri-tibb ixtisaslı şəxslər/məktəb müəllimləri). Kursların müddəti iki gündür (səhər və günorta sessiyaları).
Təməl həyat dəstəyi (BLS) kursunun məqsədi iştirakçıların huş, tənəffüs və nəbzin olmadığı hallarda və tənəffüs yollarının tıxanmalarına qarşı təlimatlara uyğun olaraq yardımı effektiv şəkildə yerinə yetirmək üçün bacarıqlarını artırmaq, habelə hazırlıq vəziyyətini yüksəltməkdir.
Təməl təcili ultrasəs kursu təcili tibbi yardım həkimləri tərəfindən yataqbaşı ultrasəs müayinəsinin istifadəsinin tezliyini və müxtəlifliyini təkmilləşdirməyi hədəfləyir ki, bu da prosedur müdaxilələrin etibarlılığını və xəstəyə göstərilən qayğının keyfiyyətini, həmçinin Təcili yardım şöbəsində 24/7 sürətli diaqnostik yanaşma və ölkə səviyyəsində istifadə standartlarını təmin etmək imkanını artıracaq.
Endotraxeal intubasiya və sürətli ardıcıl intubasiya kursunun məqsədi iştirakçılara tənəffüs yollarının təhlükəsiz intubasiyası ilə öskürək, spazm və qusmanı minimuma endirməklə yanaşı, manjetli endotraxeal boru ilə hava yolunu mümkün qədər tez qorumaq bacarıqları qazandırmaqdır.
Təkmil həyat dəstəyi (ACLS) kursunun məqsədi iştirakçılara həyati təhlükəsi olan ürək-damar xəstəliklərinin təcili müalicəsi üçün bir sıra klinik təlimatlardan faydalanaraq, qabaqcıl tibbi prosedurlar, dərmanlar və üsullardan istifadə etməklə mümkün olan ən yaxşı nəticəyə nail olmaq məqsədilə bilik və bacarıqlar qazandırmaqdır.
16 dekabr, 2022
Simpoziumun məqsədi təcili yardim sistemləri sahəsində Azərbaycanın gələcəyə baxışını müzakirə etmək və təkmilləşdirməkdir. Simpoziumun hədəf qrupu Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu sahə üzrə qərarvericiləri, universitet müəllimləri, xəstəxana direktorları, təcili yardım şöbələrinin müdirləri və həkimləridir.
Simpozium hibrid formatda keçiriləcək. Canlı görüşdə müəssisələrdən dəvət olunmuş və əvvəlcədən qeydiyyatdan keçmiş iştirakçılar üçün 200 yer nəzərdə tutulur. Tədbirə onlayn qoşulacaq iştirakçılar da təqdim olunacaq link vasitəsi ilə əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Canlı iştirakçılara sonda sertifikatlar təqdim olunacaq.
17 dekabr 2022
ÜST-nin Azərbaycandakı Nümayəndəliyi USAID-nin maliyyələşdirdiyi “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi (APR – Azerbaijan Pandemic Response Activities) vasitəsilə təcili yardım sistemləri (TYS) və xidmətləri, təlimlər və standartlarını təkmilləşdirmək məqsədi daşıyır.
APR layihəsi milli səhiyyə orqanları, Səhiyyə Nazirliyi (SN), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və tibb təhsili müəssisələri ilə əməkdaşlıqla həyata keçirilir.
2021-ci ilin oktyabr ayında ÜST-nin Azərbaycandakı Nümayəndəliyi 2 günlük “Milli təcili yardım sistemlərinin qiymətləndirilməsi (TYSQ) üzrə konsensus” iclası keçirdi və Azərbaycanda təcili tibbi yardım sistemlərinin inkişafını istiqamətləndirmək üçün 13 fəaliyyət prioritetinin siyahısı müəyyən edildi. 10-11 fevral 2022-ci il tarixlərində həmin görüşün əsas nəticələrini fəaliyyət üçün yol xəritəsinə çevirmək məqsədilə “Təcili tibbi yardım yol xəritəsi” iclası keçirilib. Hal-hazırda ilkin yol xəritəsinin sxemi hazırdır.
Bu seminarın məqsədi 68 üzvdən ibarət dörd işçi qrupu vasitəsilə 13 fəaliyyət prioriteti ilə fəaliyyət və inteqrasiya üçün TYS yol xəritəsinin ətraflı şəkildə hazırlanmasıdır.
Seminarları Azərbaycan səhiyyə orqanları və ÜST-nin layihə qrupu tərəfindən təşkil ediləcək.
18 dekabr 2022
Ürək-ağciyər resusitasiyası (canlandırılması) – CPR xəstəxanadan kənar ürək dayanması üçün ən vacib təcili yardım prosedurdur. Xəstəxanadan əvvəlki təcili yardım xidmətinin hadisə yerinə gəlməsi adətən ən azı bir neçə dəqiqə çəkir və hər dəqiqə keçdikcə xəstənin sağ qalma şansı sürətlə azalır. Əksinə, erkən CPR sağ qalma şansını dörd dəfə artıra bilər. Buna görə də, kənar şəxs (müşahidəçi) tərəfindən CPR çox vacibdir.
İnsanları ürək dayanmasını müəyyən etməyin yolları və CPR prosedurları barədə məlumatlandırmaqla çoxlu insan həyatı xilas etmək mümkündür. Bunu nəzərə alaraq, Bakıda izdihamlı ticarət mərkəzində qısa təlim formasında CPR fəaliyyətinin nümayişi keçiriləcək.
İnsanların həyatını xilas etmək üçün CPR vərdişlərinin öyrənilməsinin vacibliyi haqqında ictimaiyyəti məlumatlandırmaq və iştirakçılara CPR-i həyata keçirmək bacarıqları qazandırmaq üçün tədbirin 18 dekabr saat 15:00-17:00 arasında keçirilməsi planlaşdırılır.